Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 20.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “TD İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 208.114 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.12.2025-ci ildə dərc edilib.
Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsitlərin böyük əksəriyyəti isə tender yolu ilə təyinatından kənarlaşdırılır.
Qurumun keçirdiyi tenderləri isə daha çox Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və onun kadrı Departament sədri Səbuhi Əhmədova yaxın şirkətlər qazanır. Hamısı da eyni qayda olaraq dövlət vəsaitləriinin konkret olaraq hansı ünvanda və neçə fərdi yaşayış evinin təmirinə ayrıldığı göstərilmədən.
Məsələn elə Komitənin Mənzil İstismar Departamentinin keçirdiyi son tenderdə olduğu kimi. Satınalmaların portalına yerləşdirilmiş görüləcək işlərin həcmi barədə məlumalarda göstərilir ki, qalib şirkət 272,7 m(2) dam örtüyünün sinkli metal şiferdən olan yararsız hissəsinin sökülməsi, 266,2 pagon metr sinkli metaldan olan yararsız su ötürücü novalçaların sökülməsi, 254,9 m(2) xarici divarların yararsız suvağının sökülməsi, 1.102,1 m(2) xarici divarların köhnə rənginin qaşınıb təmizlənməsi, 572,3 m(2) döşəmənin yararsız taxta örtüyünün sökülməsi, 357,1 m(2) daxili divarların şpatilovka ilə üzlənməsi və sair işləri görəcək. Amma burada sual yaranır. Bu işlər harada görüləcək. Nə çoxdu Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində evlər. Bu evlərin konkret ünvanı niyə göstərilmir?
Keçək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iki yüz min manatlıq müqavilə bağlamaq istədiyi “TD İNŞAAT” MMC nin son illərdəki fəaliyyətinə. MMC 05.11.2025-ci ildə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə İnzibati binanın cari təmir işləri üzrə 14.786,03 manat məbləğində kotirovka sorğusunun qalibi olub.
Bəs bu MMC ilə bağlı bundan başqa nə kimi məlumatlar var?
Rəsmi, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TD İNŞAAT” (VÖEN: 1506726861) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.03.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, A.KUNANBAYEV KÜÇƏSİ, ev.18, m.17, qanuni təmsilçisinin isə Mustafayev Qüvvət Hamısıahverdi oğlu olduğu qeyd edilib. MMC-nin hazırkı günə 2007.6 manat vergi borcu var.
Reyestr məlumatlarına edilmiş dəyişiklidə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FAİQ YUSİFOV, ev 30A, mənzil 12, təsisçisi və ilk qanuni təmsilçisi Süleymanov Toğrul Mahir oğlu olub.
Maraqlıdır ki, dövlət qeydiyyatına alındıqdan cəmi üç ay sonra, 23.07.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə EL-609/2023/2 nömrəli lisenziya verib. Amma şirkətlər var ki, illərlə İqtisadiyyat Nazirliyinin qapısını döysə də bu lisenziyanı ala bilmir.
MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Süleymanov Toğrul Mahir oğlu 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində Xocəsən bələdiyyəsinə üzv seçilmiş, daimi komissiyanın 27.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı ilə Yerli ekologiya məsələləri daimi komissiyasının sədri seçilmişdir.
Maraqlıdır Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən iki yüz min manat dəyəri olan tender udan “TD İNŞAAT” MMC-nin bu sifarişi yerinə yetirmək üçün maddi texniki bazası, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi çalışan işçi qüvvəsi varmı? Təbii ki, belə işçi qüvvəsinin olması barədə sənədlər təqdim edilib. Amma əslində isə yoxdu.
Çünki, “TD İNŞAAT” MMC-nin qanuni təmsilçisi Qüvvət Mustafayev ətrafına fəhlə toplayaraq onları inşaat işlərində günəmuzd çalışdıran bir briqadirdir. O, bu işləri tikinti şirkətləri ilə heç bir müqavilə bağlamadan həyata keçirir. Qüvvət Mustafayev başının dəstəsi ilə 2015-2017-ci illərdə paytaxtın bir neçə rayonlarında heç bir müqavilə olmadan binaların poliuretan üzlük vurulması işlərində də podratçı şirkətlərin sifarişlərini yerini yetirib. Görsənən odur ki, “TD İNŞAAT” MMC-nin əsl sahibi Xocəsən bələdiyyəsinin üzvü Toğrul Süleymanov da əslən Biləsuvardan olan Qüvvət Mustafayevlə işbirliyinə başlayıb Bakı şəhəri və Biləsuvar rayonunda sayı belə bəlli olmayan köçkün evlərinin təmiri işlərinə qoşulub. Bu işbirliyindən isə şübhəsiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədov daha çox qazanacaq.
Aktualinfo.net