İsrail Müdafiə Qüvvələri (İDF) radikal qruplaşmanın atəşkəsi pozmasına cavab olaraq Qəzza zolağında HƏMAS-ın bir neçə hərbi obyektinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Silahlı terrorçu humanitar yardım marşrutu ilə Sarı Xəttə sızaraq Qəzza zolağının cənubunda yerləşən əsgərlərə atəş açıb. İtki yoxdur. Əsgərlər terrorçunu öldürüb”, – məlumatda deyilir.
Hərbçilər qeyd ediblər ki, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasına cavab olaraq İDF HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə zərbələr endirməyə başlayıb.
İDF-in mətbuat xidməti bildirib ki, İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına uyğun olaraq öz mövqelərində qalır və hər hansı bir təcili təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməyə davam edəcək.