Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir?
“Qarabağa aid danışıqlar prosesi heç vaxt Qarabağ probleminin həllinə yönəlməyib. Bütün danışıqlar prosesi Ermənistanı və müəyyən mənada Azərbaycanı geosiyasi tələdə saxlamaq məqsədi güdüb. Yəni bu danışıqlarda ”məqsəd Qarabağ problemini həll etmək deyil, Ermənistan Respublikasını müstəqil dövlətə çevrilmək imkanından məhrum etmək idi. Əslində isə Qarabağın taleyi 1996-da Lissabon sammitində Azərbaycanın xeyrinə həll olunub. Bütün bunlar barədə isə cəmiyyətə açıq şəkildə heç nə deyilməyib”.
Ermənistan baş naziri Nikol Paşinyan bu sözləri parlamentdə hökumət saatı zamanı çıxışında deyib. Əslində bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin 30 illik sülh danışıqları barədə dəfələrlə söylədiklərinin təkrarı və təsdiqidir. Bəs, niyə Ermənistan lideri indi bunu etiraf etməli oldu?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gerçəkləri ölkəsinin parlament kürsüsündən səsləndirməklə, öz xalqına Qarabağ düyününün çözülməsi istiqamətində 30 ilə yaxın aparılan danışıqlarn əsil hədəfinin tamamilə başqa olduğunu demək istəyib: “Onun dedikləri həqiqətdir. Ancaq Paşinyan hər şeyi sona qədər demir. Gəlin bu hədəflərin Paşinyanın səsləndirmədiyi bir başqa üzündən danışaq. Ermənistanın o vaxtkı cinayətkar rəhbərləri bu danışıqları uzatmaqla zamanla Qarabağ məsələsini Azərbaycan xalqının yaddaşından silməyi hədəfləyirdi. Lakin bu cinayətkarlar bir məsələni hesablaya bilmədilər ki, Azərbaycan dövləti öz torpaqlarını onlara bağışlamayacaq və sadəcə olaraq zamanla onları geri almağın fürsətini yetişdirir”.
F.Yusifov hesab edir ki, Ermənistan dövlət başçısı bütün bunları söyləməklə erməni toplumunu real sülhə hazırlayır: “Paşinyan bu çıxışı ilə sanki erməni toplumuna deyir: ”ayıl ey millət, yetər kimlərinsə əlində dövlət adlı bir oyuncaq olmaq, artıq zaman yetişib – ya biz oyuncaq dövlət dərimizi yırtıb real bir dövlətə çevrilməliyik ya da məhv olmalıyıq”. Paşinyanın Ermənistan parlamentindəki çıxışının açılımı budur. Yəni əslində Paşinyan bizim üçün yeni heç nə demir, sadəcə olaraq bir dövlət başçısı kimi xalqı qarşısında gerçəkləri etiraf edir. Etsin! Bu toplumun on illər uzunu beyni yuyulmuşları üçün bu həm də yaxşı təbliğatdır.
Bütün bunların fonunda demək istəyirəm ki, Paşinyan bu gün gerçəkdən Ermənistanı Rusiyanın forpostu, Fransa kimi dövlətlərin oyuncağı statusundan xilas etmək yolunda mücadilə edir və bu yolda az uğur da qazanmayıb”.