“Yazmaq qabiliyyəti olmayan adamlar meydandan çıxmaq istəmir”

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadənin müsahibəsindəki cavabı  yaradıcı mühitdə ciddi narazılıq doğurub.Onun “dövlət yazıçı və şairlərə dəstək olsa, bütün işsiz-gücsüzlər əsər yazacaq” fikri həm dövlətin mədəniyyət siyasətinə, həm də yaradıcı insanların əməyinə münasibətdə  laqeyidlik kimi dəyərləndirilib.Qurbanzadənin fikrinə qüvvət olaraq  bildirək ki,kitab sənayesinin dəstəklənməsi, bu sahənin subyektləri ilə əməkdaşlıq, onların təşviqi və stimullaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindəndir.
Vasif Qurbanzadənin də dediyi kimi,şübhəsiz ki, biz xalq olaraq istedadlıyıq. Bizim kifayət qədər ciddi talantlı insanlarımız var. Amma biz bu gün desək ki,kim yazmaq istəyirsə, təşəbbüs varsa, yazsın, onu dövlət dəstəkləyir – Azərbaycanda bütün o işsiz-gücsüzlər hamısı gəlib kitab yazmaqla məşğul olacaq. Bu gün yazı qabiliyyəti olmayan adamlar meydandan çıxmaq istəmir…Axı bu doğru təsbitdir.
Bəs qurum nümayəndəsinin bildirdiyi fikir niyə bu qədər narazılıq yaratdı?
 Yazıcı Cavid Zeynallıdan sitat gətirək:”Ətraf doludur istedadsız, amma iddialı yazıçı-şairlə. Məsələn Yazıçılar Birliyinin 2000 üzvü var. Elə bilirsiniz, onlara dözmək, onları başa salmaq, onları inandırmaq asandır? İstedadsız söz adamının təmənnası hüdudsuz olur. Deyingənliyinə dözmək olmur. Həmişə nəsə istəyirlər. Həmişə günahkar axtarırlar, qurban tələb edirlər. Düzgün mexanizm qurulsa, prinsiplər sərt olsa, məhz istedadlı adamlar dövlətin imtiyazı altında yetişər, inkişaf edər. Əsas odur ki, bu mexanizm inkişaf etmiş cəmiyyətlərin kitab sənayesi modelində qurulsun. Və bunun üçün hələ uzun illər iş aparılmalıdır. Sistemi və sənayeni qurmaq sehrli çubuqla başa gəlmir. İnanıram ki, Mədəniyyət Nazirliyinin bu istiqamətdə işi kitab sənayesinin inkişafına ciddi təkan olacaq. İstəyimiz, təmənnamız, gözləntimiz ancaq budur.”
Nazirlik əməkdaşının qabartdığı problem ədəbi camiəni  təmizləmək, layiq olan əsərlərin təbliğinə və həqiqi yaradıcı insanların şəraitinin yaxşılaşmasına yönəlib. Onsuz da ölkədə yaradıcılıqdan xəbəri olmayanlar kifayət qədər çoxdur və buna cavabdeh qurumun apardığı işə narazılıq edənlərin də sayı kifayət qədər olacaq.Biz isə ən yaxşısına ümid edirik.